Zaqreb
Zaqreb (xorv. Zagreb) — Xorvatiyanın paytaxtı və ən böyük şəhəri.
Zaqrebdə iqtisadiyyatın əsas sənaye sahələri elektrik maşınlarının və aparatlarının istehsalı, kimya sənayesi, əczaçılıq, toxuculuq və qida sənayeləridir. Zaqreb şəhəri beynəlxalq ticarət mərkəzlərindən biri olmaqla yanaşı, həmçinin Mərkəzi və Şərqi Avropa ölkələri arasındakı nəqliyyat yolunun kəsişməsində yerləşir. Zaqreb şəhəri adambaşına düşən Ümumi Daxili Məhsulun miqdarına görə ölkədə birinci yeri tutur. 2005-ci ildə Xorvatiyada adambaşına düşən ÜDM miqdarı 10431 dollar idisə, Zaqrebdə bu göstərici 19132 dollar olub. 2006-cı ilin göstəricilərinə görə şəhərdə işsizlik səviyyəsi 8,6% olub. Xorvatiyadakı şirkətlərin 34%-nin mərkəzi qərargahı Zaqrebdə yerləşir, ölkədəki işçi qüvvəsinin 38,4%-i Zaqrebdə işləyir. Ölkədəki ixracatın 35%-i, idxalın isə 60%-i Zaqrebin payına düşür.