Zivər Məmmədova
Zivər Nəcəfqulu qızı Məmmədova (14 iyun 1902, Bakı – 22 aprel 1980, Bakı) — ilk azərbaycanlı heykəltaraş qadın.
Azərbaycanın xalq rəssamı, əməkdar incəsənət xadimi, heykəltaraş Tokay Məmmədovun anasıdır.
Zivər Məmmədova 1902-ci il iyunun 14-də Bakı şəhərində Nəcəfqulu Tağıyevin ailəsində anadan olub. 1909-cu ildə təhsil almaq üçün “Müqəddəs Nina” qızlar gimnaziyasına daxil olub. Məktəbi bitirdikdən sonra rəssamlıq kursuna daxil olur. Kursu bitirdikdən sonra eyni vaxtda iki ali məktəbə - Azərbaycan Ali Rəssamlıq Məktəbinə və Dövlət Türk Musiqi Məktəbinə daxil olub. 1924-cü ildə Ali Rəssamlıq Məktəbini bitirib.
Ali təhsil aldıqdan sonra Stepan Erzya və Pinxos Sabsayın emalatxanasında fəaliyyət göstərib. O, həm də portret ustası kimi tanınıb və zəngin qalereya yaradıb. 1930-1940-cı illər arasında Əzim Əzimzadə, Hüseynqulu Sarabski, Məşədi Əzizbəyov, İdris Süleymanov, Hüseynbala Əliyev, Bəsti Bağırova və digərlərinin portret büstlərini hazırlayıb.