Zəhra Quliyeva (siyasətçi)
Zəhra Quliyeva (18 yanvar 1923, Bakı – 28 noyabr 2005, Bakı) — Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin keçmiş sədri (1998–2005), tibb elmləri doktoru (1967), professor. (1968), əməkdar elm xadimi (1981)
Zəhra Quliyeva 1923-cü il yanvarın 18-də Bakı şəhərində mühəndis Tahir bəylə, Camal xaımın ailəsində anadan olmuşdur. Tahir Quliyev həm də Neft və Kimya İnstitutunun professoru idi. Zəhra xanım orta təhsilini Bakı şəhəri 132 saylı məktəbdə aldıqdan sonra 1940-cı ildə məkətbi yaxşı qiymətlərlə bitirdiyi üçün Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə imtahansız qəbul edilən tələbələrdən biri olmuşdur.
1944-cü ildə ali məktəbi əla qiymətlərlə bitirən Zəhra Quliyevaya Dövlət Komissiyasının vəsitəsilə Göz xəstəlikləri kafedrasında saxlayıb ordinator vəzifəsini tapşırırlar. Zəhra xanım xatirələrində yazırdı:
Beləliklə, 1958-ci ildə o, "Müxtəlif üsulla büllurun çıxarılmasında buynuz qişanın sferikliyinin və refraksiyasının dəyişilməsi" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.
Bundan sonra alim "Görmə itiliyinin, refreksiyanın və akkomadasiyanın rəng duyğusuna təsiri" mövzusu üzərində işləməyə başlamış, bununla əlaqədar Moskvaya ezam olunmuşdur. Burada bir müddət Ümumittifaq Elmi-Tədqiqat Dəmir Yolu Gigiyenası İnstitutunun rəng duyğusu laboratoriyasında araşdırmalar aparan Zəhra xanım, 1967-ci ildə həmin mövzuda müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmişdir.
1968-ci ildə Zəhra xanım Azərbaycan Dövlət Tibb İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, 1975-ci ildə həmin kafedranın müdiri olur. Alimin tədqiqatları o zaman oftalmologiyanın ümdə problemləri sayılan refraksiya-akkomadasiya, rəngin qavranılması, traxoma, tor qişa və görmə siniri xəstəliklərinin öyrənilməsinə həsr olunur.