Azərbaycanda çayçılıq
Azərbaycanda çayçılıq — Azərbaycan Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi.
== Tarixi ==
Azərbaycanda çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilmiş, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılmışdır.
Bu sahənin inkişafı 1970-1980-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon kubmetr olan Xanbulançay, 1986-cı ildə Masallı rayonunda tutumu 46 milyon kubmetr olan Viləşçay su anbarları tikilərək istifadəyə verilmişdir. Həmin dövrdən etibarən çay plantasiyalarının sahəsi genişləndirilərək 13,4 min hektara, yaşıl çay yarpağı istehsalı 34,5 min tona çatdırılmışdır. Eyni zamanda, ölkədə çay yarpağı emal edən 14 müəssisənin və 2 çayçəkici fabrikin tikilməsi ildə 45 min ton çay yarpağının emalına imkan yaratmış, ölkə əhalisinin quru çaya olan ehtiyacının 65-70 faizinin yerli istehsal hesabına ödənilməsini təmin etmişdir.
Aparılan elmi araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə, ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti Azərbaycan ərazisində çay bitkisinin becərilməsinə imkan verir.
Bununla belə, 1990-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlamış və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşmüşdür. Lakin bu vəziyyəti aradan qaldırmaq üçün 2016-cı ildən başlayaraq çayçılığın inkişafına məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona çatmışdır. 2019-cu ilin yanvar-mart aylarında Azərbaycan 2,005 mln. ABŞ dolları dəyərində 308,4 ton çay ixrac edib, eyni zamanda 9,986 mln.