FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012
FIFA U-17 Qadınlararası Dünya Çempionatı tarixdə üçüncü dəfə keçiriləcək və 19 mart 2010-cu il FIFA İcraiyyə Komitəsinin qərarına əsasən, bu tədbirə Azərbaycan ev sahibliyi edəcək. Çempionat 22 sentyabr – 13 oktyabr 2012-ci il tarixləri arasında baş tutacaq. Çempionatda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak edəcək. Bu, Azərbaycanda keçiriləcək ilk FIFA tədbiridir və Avrasiyada baş tutacaq ilk U-17 qadınlararası dünya çempionatıdır.
== Çempionatın tarixi ==
FIFA U-17 Qadınlararası Dünya Çempionatı ilk dəfə olaraq 28 Oktyabr-16 Noyabr 2008-ci ildə Yeni Zelandiyada keçirilib. Yeni Zelandiyada oyunlar əsasən Ouklənd, Hamilton, Vellington, Kristçörç şəhərlərində keçirilib. Çempionatda iştirak edən 16 komandadan Şimali Koreya və Amerika Birləşmiş Ştatları finalda qarşılaşıb və Şimali Koreyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Sayca ikinci FIFA U-17 Qadınlararası Dünya Çempionatı Trinidad və Tobaqoda keçirilib. Çempionat 5-25 sentyabr 2010-cu il tarixlərində keçirilib. Trinidad və Tobaqoda keçirilmiş FIFA U-17 Qadınlararası Dünya Çempionatında 16 ölkədən komandalar iştirak etmişlər.