Ağalar İdrisoğlu
Ağalar İdrisoğlu (tam adı: Ağalar İdris oğlu Mehdiyev) — Azərbaycan yazıçısı və dramaturqu, rejissor, Azərbaycan Yazıçılar Birliyinin (1999) və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür, Əməkdar incəsənət xadimi.
== Həyatı ==
Ağalar İdrisoğlu Mehdiyev 1950-ci ilin mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olan Ağalar İdrisoğlu (Mehdiyev) Digah kənd 8 illik və Nəriman Nərimanov adına Masallı şəhər 2 nömrəli orta məktəbi bitirib. 1975-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini və 1986-cı ildə isə Moskvada Anatoli Vasilyeviç Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq fakültəsini bitirib.
== Yaradıcılığı ==
Ağalar İdrisoğlu 16 yaşından bədii yaradıcılıqla, jurnalistika ilə məşğul olur. 50 ildən çoxdur ki, peşəkar teatr sənətində çalışır. 40-dan artıq tamaşada rollar oynayıb. 140-dan çox tamaşaya quruluş verib. Quruluş verdiyi tamaşalardan Nobel mükafatı laureatları — Alber Komyunun "Qismət", Reynhard Kiplinqin "Mauqli", dramaturqlardan Aleksandr Suxovo Kabılinin " Tarelkinin ölümü", Georgi Caqarovun "Prokuror", Anarın "Zəncir", Vasili Şukşinin "Diribaş adamlar", Georgi Xuqayevin "Qocaların məhəbbəti", "Varlı ev", Camal Yusifzadənin "Səhər qatarı", Loğman Rəşidzadənin "Toya bir gün qalmış", Aleksandr İvaşenkonun "Uşağa bir üç yazın!", Ağalar İdrisoğlunun "Şah İsmayıl", "İnan mənə", Akif Həsənoğlunun "Yanmış evin nağılı", Eduard Bobrovun "Vicdanla üz-üzə", Leonid Juxavitskinin "Şahzadə və baca təmizləyən", Zeydulla Ağayevin "Haray", Vaqif Əlixanlının "Əcəl atı", Panço Pançevin "Dörd əkizin nağılı". Mirzə Fətəli Axundovun "Xırs quldurbasan", Qənbər Şəmşiroğlunun "Caninin etirafı" və başqaları yüksək tamaşaçı marağına səbəb olub.
26 il Sumqayıt Gənclər Xalq Teatrının, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppasının baş rejissoru, bədii rəhbəri və direktoru vəzifələrində işləyib.