Qəhrəman Ağayev
Qəhrəman Hüseyn oğlu Ağayev (16 avqust 1950, Şahtaxtı, Noraşen rayonu) — AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Arxeoloji abidələrin toplusu sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent.
== Həyatı ==
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində doğulub. Orta təhsilini 1956-1966-cı illərdə Naxçıvan şəhər 23 nömrəli məktəbdə aldıqdan sonra 1967-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olur və oranı 1972-ci ildə uğurla bitirir.Qəhrəman Ağayev 1975-ci ildən AMEA-da elmi fəaliyyətə başlamışdır. 1975-1991-ci illər ərzində Azərbaycan SSR Elmlər Akademiyası Naxçıvan Elm Mərkəzində, indiki AMEA-nın Naxçıvan Bölməsində elmi işçi vəzifəsində işləmişdir.
1991-ci ildən etibarən Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi fəaliyyətini davam etdirir.
1976-1979-cu illər ərzində SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutunda tanınmış arxeoloq, t.e.d., professor R.M.Munçayevin rəhbərliyi altında elmi fəaliyyətini davam etdirmiş, sonralar isə, 1981-1993-cü illər ərzində, ayrı-ayrı vaxtlarda elmi stajirovkalarda olmuşdur.
1977 və 1978-ci illərdə SSRİ Aexeologiya İnstitutunun Stavropol vilayətində fəaliyyət göstərən, Aleksandrovsk, 1991-1992-ci illərdə isə, Krasnoyarsk diyarının Xakasiya arxeoloji ekspedisiyalarında aparılan arxeoloji qazıntı işlərində iştirak etmişdəir.
1979-cu ildən etibarən Azərbaycanın, eyni zamanda Qafqazın, Yaxın Şərqin möhtəşəm və maraqlı abidələrindən biri olan, Şahtaxtı arxeoloji abidələr kompleksində müstəqil olaraq arxeoloji tədqiqat işləri aparır. Arxeoloji ədəbiyyatda son tunc-ilk dəmir dövrü abidəsi kimi tanınan Şahtaxtı abidələr kompleksində son illərdə aparılan arxeoloji tədqiqatlarla bu abidənin daha qədim dövrlərə aid olması müəyyənləşdirilmişdir.
Şahtaxtı arxeoloji abidələr kompleksində aparılan tədqiqatların nəticəsi olaraq "Şahtaxtı Son Tunc-İlk Dəmir dövründə" adlı rus dilində "Şahtaxtının Orta Tunc dövrü abidələri" monoqrafiyaları, 100-dən artıq elmi məqalələri çapdan çıxmış, "Şahtaxtı arxeoloji kompleksinin Son Tunc-İlk Dəmir dövrünün tədqiqi" adlı dissertasiya işi müdafiə edilmişdir.