Totemlərlə əlaqədar mifoloji toponimlər
Totemizmin əlamətlərinin meydana gəlməsi insanın mədəni inkişafa doğru atdığı ən uğurlu addımlardan biridir. Qədimlərdə totem heyvanları qəbilə üzvləri özləri ilə aparırdılar, onun xasiyyət və davranışlarını yamsılamağa çalışır, elə zənn edirdilər ki, bu davranış və hərəkətlər vasitəsilə qeyri-adi gücə malik olurlar. Totem heyvanın xasiyyətini, səsini daha düzgün icra edən icmada ən hörmətli şəxs sayılırdı. Totem ulu əcdad üçün ətraf mühitə münasibətdə indiqator rolunu oynayır, əxlaq və etik normaları tənzimləyirdi.
== Tarixi ==
Tarixəqədərki bütün inkişaf mərhələlərində – istər nitq qabiliyyətinə çatmamış, şüuru oyanmamış olsun, istər barbarlıqda öz övladının ətini yediyi anlarını yaşasın, istər heyvanlar kimi təbiətin yazılmamış qanunlarıyla, gücün, qol zorunun hesabına dövran sürsün, istərsə də də bir kökdən, eyni totemdən törədiyini zənn edib ailə, tayfa çərçivəsində birləşməklə başqa canlılara düşmən kəsilsin –
insanın keçdiyi müəmmalı, qaranlıq yolları ilk növbədə arxeoloji qazıntılarda tapılan əşya və ləvazimatlarla öyrənmək mümkündür. Bəşər övladı evsiz, ocaqsız çöldə-biyabanda ömür-gün keçirdiyi çağlarda ancaq qidasını tapmaq uğrunda çalışmış, yağışdan, soyuqdan qorunmaq üçün isə təbii mağaralara sığınmışdı. Əlinə keçən primitiv daş alətlər, üstündə gəzdirdiyi elementar əşya və ləvazimatlar nə yollasa, ölümündən sonra qalıb bizim zamanəmizə çatıbsa, onlar vasitəsilə onun mədəni səviyyəsi, incəsənəti (var idisə), dünyagörüşü, dini inamı (formalaşmışdısa) barədə məlumat əldə etmək imkanı yaranır.
Keçmişin dərin qatlarına doğru uzanan bilinməz yolu tapmağın ikinci ənənəvi üsulu arxaik mif, əfsanə, nağıl, dastan və digər folklor qaynaqlarını saf-çürük etməkdir. Çünki həmin bədii yaradıcılıq məhsulları şifahi şəkildə uzun əsrləri adlasa da, ulu əcdadın lap başlanğıcdakı düşüncələrinə, dünyabaxışına, adət-ənənələrinə və əxlaqına aid ən incə nöqtələri içərisində qoruyub saxlayır.
Görkəmli psixoanalitik Z.Freyd bu sıraya apardığı eksperimetlərin nəticəsi olaraq bir də onu əlavə edir ki, "İbtidai insan həm də məlum mənada müasirimizdir".