Keştaz (Şərur)
Çəmənli (əvvəlki adı: Keştaz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dərvişlər kənd inzibati ərazi dairəsi tərkibindəki Keştaz kəndi Çəmənli kəndi adlandırılmışdır.
== Tarixi ==
SSRİ dövründə Babəki, Çərçiboğan, Arbatan, Dərvişlər, Qara Həsənəli və Sovetabad kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir.
== Əhalisi ==
Əhalisi 973 nəfərdir.(2009 - cu il)
== Təhsil ==
Kənddə orta məktəb binası 1980-ci ildə tikilmişdir. 2017-ci il Fevralın 1-də Çəmənli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.
3 mərtəbəli və 380 şagird yerlik binada 3-ü elektron lövhəli olmaqla 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, şahmat otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və həyətdə açıq idman qurğuları vardır. Məktəbdə kitabxana işinin təşkili diqqətdə saxlanılır. Hazırda kitabxananın fondunda 4514 kitab vardır.
== Kənd mərkəzi ==
2017-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çəmənli kənd mərkəzinin açılışını edib.
Mərkəz binasının birinci mərtəbəsində rabitə evi, polis sahə məntəqəsi, baytarlıq məntəqəsi, kitabxana və feldşer-mama məntəqəsi yerləşir.