Şahbaz Muradov
Şahbaz Muradov (Şahbaz Musa oğlu Muradov; d. 10 avqust 1940, Laçın rayonu Xumarta) — Azərbaycan iqtisadçısı, AMEA-nin müxbir üzvi (2001), professor.
== Həyatı ==
Şahbaz Musa oğlu Muradov 10 avqust 1940-cı ildə Azərbaycan Respublikasının Laçın rayonunun Xumarta kəndində anadan olmuşdur. O, 1946-50–ci illərdə Xumarta kəndində yenicə açılmış ibtidai məktəbdə, 1950-1953-cü illərdə isə Köhnəkənd 7 illik məktəbində təhsil almışdır. 1953-cü ildə həmin məktəbin 7-ci sinfini əla qiymətlərlə bitirib, Azərittifaqın Bakı Kooperativ texnikumuna daxil olmuşdur. 1956-cı ildə texnikumu əla qiymətlər və tərifnamə ilə bitirib, əlaçıların 5%-i hesabı ilə Azərittifaqın İdarə Heyətinin xüsusi qərarına əsasən, ali təhsil almaq üçün K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna göndərilir. O vaxt texnikumları əla qiymətlər və tərifnamə ilə bitirənlərin 5%-i hesabı ilə ali məktəbə təhsil almağa göndərilənlər orta məktəbləri “Qızıl medalla” bitirənlərə bərabər tutulduğundan Ş.Muradov qəbul imtahanları vermədən həmin instituta daxil olmuşdur. Ancaq, 1959-cu ildə institut ləğv edildiyi üçün Ş.Muradov təhsilini Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakultəsində davam etdirmişdir. O, 1961-ci ildə oranı əla qiymətlər və “fərqlənmə” diplomu ilə bitirib gənc mütəxəssis kimi işləməyə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna göndərilmişdir. Həmin vaxtdan fasiləsiz olaraq burada işləyən Ş.Muradov 1961-1966-cı illərdə kiçik elmi işçi, 1966-1968-ci illərdə böyük elmi işçi, 1968-1991-ci illərdə şöbə müdiri, 1991-1998-ci illərdə elmi işlər üzrə direktor müavini, 1999-2008-ci illərdə isə institutun direktoru vəzifəsində çalışmışdır.