Hənifə Ələsgərov
Hənifə Əliskəndər oğlu Ələsgərov (1 yanvar 1912, Bakı – 29 aprel 1991, Bakı) — Azərbaycan memarı, Bakı şəhərinin baş memarı (1965-1973), SSRİ (1972) və Azərbaycan SSR (1976) Dövlət mükafatları laureatı.
Hənifə Ələsgərov 1912-ci il yanvar ayının 1-də müəllim ailəsində anadan olmuşdur. O, 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsini bitirərək memar sənətinə yiyələnmişdir.
Hənifə Ələsgərov 1939-cu ildə Dövlət Layihə İnstitutunda Şəhərlərin planlaşdırma şöbəsinə rəhbər təyin olunmuşdu. 1946-1948-ci illərdə və 1958-1962-ci illərdə "Azərdövlətlayihə" institutunun emalatxana rəisi.
Lənkəran şəhərinin baş planı (1947-ci il) və Zaqatala rayonunun baş planının layihələndirilməsi işində əsas yer tutmuşdur (1949-cu il). O, keçmiş Azərbaycan SSR Nazirlər Soveti yanında Memarlıq işləri üzrə İdarənin rəis müavini işləmişdir.
1948-1958-ci illərdə Azərbaycan SSR Dövlət Tikinti Komitəsi sədrinin müavini vəzifəsində işləmişdir. Dövlət Tikinti və Memarlıq abidələri, şəhərsalma problemləri və mühafizəsi məsələlərinə rəhbərlik etmişdi.
1956-cı ildə Gəncədə toxuculuq kombinatının inzibati binası, 1960-cı ildə kurort şəhəri olan Şuşada mehmanxana və pansionat, 1961-ci ildə Bilgəhdə müalicə məişət korpusu, 1966-cı ildə Bakıda Rus Dili və Ədəbiyyatı İnstitutunun tədris korpusu, 1968-ci ildə Bakıda "26 Bakı komissarları" xatirə kompleksi, 1975-ci ildə Naxçıvanda Leninin xatirə abidəsi, Bakı şəhərində 28 May küçəsində yaşayış binası kimi əsas əsərlərin tikilməsində iştirak etmişdir.