Fərhad Ağazadə
Ağayev Fərhad Məşədi Rəhim oğlu (təxəllüsü Şərqli) (12 avqust 1880, Şuşa – 4 yanvar 1931, Bakı) — Azərbaycan pedaqoqu, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu (1900), əlifba islahatçısı, mətbuat tarixçisi, publisist.
== Həyatı ==
Fərhad Ağazadə 1880-ci il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdu. Uşaqlıqdan ağlı, zəkası və istedadı ilə tay-tuşlarından seçilən Fərhad Şuşa şəhər məktəbini bitirdikdən sonra 1898-ci ildə Zaqafqazyia (Qori) Müəllimlər Seminariyasına qəbul olur və 1900-cü ildə oranı bitirir. Həmin ildən – 1900–1905-ci illərdə əvvəlcə Xaldan (1900), Şuşa (1901–1902), Gorus (1902–1905) Gəncə (1905) məktəblərində müəllim işləmiş, 1905-ci ildə pedaqoji fəaliyyətini Bakıda davam etdirmiş, rus-Azərbaycan və "Səadət" məktəblərində çalışmışdır.
F.Ağazadə Qafqaz müsəlman müəllimlərinin Bakıda keçirilən I (1906), II (1907) qurultaylarının iştirakçısı olmuş, hər iki qurultayın katibi seçilmiş, yeni dövrdə tədrisin aktual problemlərinə dair məruzələrlə çıxış etmişdir. F. Ağazadə "İkinci il" (1908); M.Mahmudbəyov, S.Əbdülrəhmanbəyov, S.Axundov, A.Talıbzadə və A.Əfəndizadə ilə) dərsliyini tərtib etmişdir. O, 1910-cu illərdə Azərbaycan ədəbiyyatı və dilinin inkişafı ilə maraqlanmağa başlamış və bu sahədə xeyli iş görmüşdür. O, 1912-ci ildə "Ədəbiyyat məcmuəsi" adlı kitab tərtib edib çapdan buraxdırmışdır. F.Ağazadənin ərəb əlifbasının yeni, latın əlifbası ilə əvəz edilməsində böyük xidmətləri olmuşdur. Çünki 1906-cı ildə yeni əlifba layihəsi tərtibi ilə bağlı bu sahədə xeyli çalışmışdır.