Dal ayağın incik sümüyü ilə bud sümüyünü birləşdirən sümükdür, ondan oyun üçün istifadə olunur. Mənası “oynaq, hərəkət edən” deməkdir. M.Kaşğaridə arpasıs at aşımas (arpasız at qaçmaz) cümləsi var. Burada aşımaq “hərəkət etmək” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Bu sözü, bir qayda olaraq, ərəb mənşəli aşiq kəlməsi ilə bağlayırlar. Tarixdə ən böyük sevən, yəni aşiq Füzuli olub, amma ona “aşıq” deməyiblər. Bədəndəki oynaqların hamısı aşıq adlanır (heyvanın dal dizlərindəki sümüklərindən isə aşıq-aşıq oyununda istifadə edilir). Aşıq hərəkət anlayışı ilə bağlıdır, ona görə də oynaqlar “aşıq” adlanır. Saz-söz sənətkarı da ömrü boyu hərəkətdə olur: Ələsgər onu “diyar-diyar gəzən” adlandırıb. “Dədə Qorqud”da isə deyilir: “Qolça qopuz götürüb eldən-elə, bəgdən bəgə ozan gəzər”. Ozan və gəzən eyni kökə malik ola bilməzmi? Varsaq məhz varmaq (getmək, gəzmək) sözü ilə qohum deyilmi? Hər gəzən aşıq olmur, aşıq-“ağıllı və gəzən” deməkdir (ozan sözündə həm də “ağıl” mənasının olmasına məndə qətiyyən şübhə yoxdur). Türk dillərində uz (us) “ağıllı”, “yaxşı” demək olub, usta sözü də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)