Abbas Abdulla
Abdulla Abbas Hacaloğlu (12 may 1940, Kəpənəkçi, Lüksemburq rayonu – 4 sentyabr 2019) — şair, ədəbiyyatşünas, tərcüməçi, 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), ədəbiyyatşünas, tərcüməçi, redaktor, siyasətçi, Azərbaycan Kommunist Partiyası üzvü, Müsavat Partiyası Ali Məclisinin üzvü, Azərbaycanın İstanbuldakı baş konsulu (1992–1997), Ukraynanın Maksim Rılski adına ədəbi mükafatı laureatı (1984).
== Həyatı ==
Abbas Abdulla 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olmuşdur. Tiflisin baş hakimi İsrafil ağa Acalov və Cənub-Qərbi Qafqaz Türk Respublikasının qurucusu və başcısı Emin ağa Acalov əmiləridirlər. Orta təhsili Bolus Kəpənəkçisi (I-VUI), Arıxlı (IX) və Faxralı (X–XI) kəndlərində almışdır. 1958-ci ilin oktyabrından 1959-cu ilin sentyabrınadək doğma kəndində müəllimlik etmişdir. Sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1958–1963). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1964–1966), Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsini (1981–1982) bitirmiş, Kiyevdə Ukrayna EA-nın T. Q. Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçmişdir.
Universitetdə tələbəlik illərində həm də işləmişdir: Bakı Neftayırma zavodunda köməkçi fəhlə, çilingər, eyni zamanda zavodun "Neftayıran" çoxtirajlı qəzeti redaksiyasında əməkdaş olmuşdur (1961–1963). "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1966–1973), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir (1973–1977), baş redaktorun müavini (1979–1987), "Ulduz" jurnalının məsul katibi, sonra baş redaktoru (1987–1992), Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992–1997) olmuşdur.
Kommunist Partiyasının üzvü olmuş (1978–1990), Azərbaycan Yazıçılar İttifaqında ilk partiya təşkilatının katibi (1981–1983), Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (tənqid-ədəbiyyatşünaslıq, publisistika üzrə) katib seçilmişdir (1991–1992).