Natiq Camal Afşar
Natiq Camal Afşar (d. 12 avqust, 1961, Bakı şəhəri) — Rəssam-heykəltaraş, Azərbaycan Hərb Tarixi Muzeyinin qurucusu, Azərbaycanda ilk dəfə "Hərbi rəssamlıq" studiyasının yaradıcısı, Beynəlxalq Mahmud Qaşqarlı fondunun laureatı, Azərbaycan Rəssamlar İttifaqının üzvü.
== Həyatı ==
Natiq Camal Afşar 1961-ci il 12 avqust tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1977–1980-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini rəssam ixtisası üzrə bitirib. 1981-ci ildə Moskva Hərbi Dairəsində həqiqi hərbi xidmət keçib. 1982-ci ildə Moskva Hərbi Dairəsində hərbçi rəssamlar arasında keçirilən rəsm müsabiqəsinin laureatı olub.
Hərbi xidməti bitirdikdən sonra 1983-cü ildə Şixəli Qurbanov adına Musiqili Komediya teatrında dekorçu rəssam və Azərbaycan Rəssamlar İttifaqının istehsalat Kombinatında icraçı heykəltaraş işləmişdir.
1985-ci ildə Yuri Qaqarin adına Məktəblilərin yaradıcılıq evində rəsm və heykəltaraşlıq müəllimi, eyni zamanda keramika fabrikasında keramikaçı rəssam vəzifəsində işləmişdir.
1987–1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsini heykəltaraş ixtisası üzrə bitirmişdir. Tələbəlik illərində 1989-cu ildə Rusiyanın Smolensk Vilayəti Qaqarin Şəhərində fərdi sərgi keçirmişdir.