Filiz Akın
Filiz Akın (2 yanvar 1943, Ankara) — Türkiyəli kinoaktrisa.
Türk kinosunun nəcib, müasir, şəhərli və zərif siması kimi kinosevərlərin rəğbətini qazanan Filiz Akın həm də Avropa siması, kollec qızı və böyük ekranın sarışın ulduzu kimi tanınır. O, kino aktyorları Türkan Şoray, Hülya Koçyiğit və Fatma Girik ilə yanaşı türk kinosunun bir dönəmində iz qoyan dörd önəmli aktrisadan biri hesab olunur.
Filiz Akın orta təhsilini başa vurduqdan sonra bir turizm şirkətinin Ankara agentliyində işləməyə başlayıb. Göndərdiyi fotoşəkillə 1962-ci ildə Artist jurnalının müsabiqəsinin qalibi olur. Memduh Ün təkidi ilə Akasyalar Açarken filmi üçün kamera qarşısına keçməyə razılıq verdi. Beləliklə, onun 13 il davam edəcək aktiv aktyorluq karyerası başladı. 1964-cü ildə "Qadın Bərbər" filminin çəkiliş meydançasında tanış olduğu prodüser-rejissor Türker İnanoğlu ilə evləndi. 1965-ci ildə oğlu İlkər İnanoğlu dünyaya gəlib. 1974-cü ildə Türker İnanoğlu ilə boşanan Akın 1975-ci ildə "Ataların atası" filmi ilə kinoya vidalaşıb.