Beynəlxalq Antikorrupsiya Akademiyası
IACA (ing. International Anti-Corruption Academy) — hökumət üzvləri və digər vəzifəli şəxslərə antikorrupsiya tədbirləri ilə bağlı təlim keçən, qərargahı Avstriyanın Laksenburq şəhərində yerləşən beynəlxalq hökumətlərarası təşkilat. Təşkilata üzvlük BMT-yə üzv olan dövlətlər və beynəlxalq hökumətlərarası təşkilatlar üçün açıqdır. Təşkilata üzvlük haqqının ödənilməsi məcburi deyil.
== Tarixi ==
=== Zəmin ===
Antikorrupsiya təhsilinə yönəlmiş beynəlxalq təşkilatın yaradılması prosesi 2005-ci ilə təsadüf edir. Belə ki, İnterpolun işçi qrupu həmin dövrdə bu təşəbbüslə bağlı müzakirələrə başlayır. İnterpolun 2006-cı ilin sentyabrında keçirilən 75-ci iclasında üzv dövlətlər yekdilliklə "dünya üzrə dövlət xidmətləri sektorunda korrupsiya problemi ilə mübarizə aparmaq məqsədi güdən" akademiyanın qurulmasının lehinə səs verirlər. İclasın ardınca, 9 oktyabr 2006-cı ildə Avstriyanın Daxili İşlər naziri Liza Prokop, İnterpolun baş katibi Ronald Noubl və Daxili İşlər İdarəsinin direktoru Martin Krutner Avstriyanın paytaxtı Vyanada IACA-nı yaratmaq istədiklərini rəsmi şəkildə bəyan etdilər.
2007-ci ilin iyulunda Noubl və Avstriyanın Daxili İşlər naziri Günter Platter Vyanada görüşərkən IACA-nın Laksenburqda yaradılması ilə əlaqədar saziş imzaladılar. Saziş 2007-ci ilin noyabrında İnterpolun 76-cı iclasında təsdiq edildi.