Faiq Məmmədov (aqronom)
Faiq İsmayıl oğlu Məmmədov (27 noyabr 1929, Gəncə, Gəncə dairəsi – 14 avqust 1987, Kirovabad) — ictimai və elmi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor.
Faiq Məmmədovun elmi-tədqiqat işləri əsasən pambıq toxumçuluğuna aid olmuş, çiyidin səpinə hazırlanması üsulları və səpin sisteminin öyrənilməsinə həsr olunmuşdur. O, pambıq bitkisi toxumçuluğu üzrə bir çox fundamental və tətbiqi işlərin, dərslik, monoqrafiya və onlarla digər kitabın, 50-yə yaxın məqalənin müəllifidir. Onun tərtib etdiyi ümumi əkinçilik üzrə tədris proqramlarından ali təhsil müəssisələrində bu gün də istifadə olunur.
== Həyatı ==
Faiq İsmayıl oğlu Məmmədov 27 noyabr 1929-cu ildə Azərbaycan SSR-in Kirovabad şəhərində anadan olmuşdur. 1936-cı ildə M.Ə.Sabir adına Gəncə şəhər 5 saylı orta məktəbin birinci sinfinə getmiş, 1946-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. O, 1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Meyvə-tərəvəzçilik və üzümçülük” fakültəsinə daxil olmuşdur. 1951-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq “alim-aqronom” ixtisasına yiyələnmişdir.
1959-cu ildə Azərbaycan SSR hökumətinin dəvəti ilə Azərbaycan Kənd Təsərrüfatı nazirliyində seleksiya və toxumçuluq baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1960-cı ildə həmin nazirliyin kadrların hazırlığı baş idarəsininin rəisi vəzifəsinə köçürülmüşdür.