1. ARVAD (ərli qadın) İldırım Ataşoğlunun arvadı Bayaz qoyun qaymağının üstünə şəkər səpdi (Ə.Vəliyev); ƏYAL [Mərsiyəxan:] ..şəhərimizdə həm əyalım, həm də siğə kənizlərim var (Çəmənzəminli); HƏRƏM (köhn.) Həsən: Söz ilə mənim hərəmimi aldılar apardılar (C.Cabbarlı); HƏYAT YOLDAŞI Həyat yoldaşıdır Gülyaz; Dağlarda bəslənmiş bu gül (A.Şaiq); XATIN (köhn.) Aydoğdu: ..mənim bir xatınım var, ilan qılıqlı, köpək xoylu... (A.Şaiq); KÜLFƏT (köhn.) Namaz kişinin külfətiyəm, – deyə qarı könülsüz cavab verdi (M.Hüseyn); QADIN Mirzə bu sözləri dedikdə onun qadını Şeydabəyim xanım da saçlarını daramaqda idi (M.S.Ordubadi); QARI Vidadi: Gəl, gəl yaxın otur, vəfalı qarım; Səndə yuva salmış ilk arzularım (S.Vurğun); ÖMÜR YOLDAŞI Rübabə: Oğul, sənin evlənmək, özünə ömür yoldaşı tapmaq vaxtın çatıb (H.Abbaszadə); ÖVRƏT (köhn.) Lakin nə doktor, nə də övrəti Liza xanım çay içmək istəmirdilər (M.S.Ordubadi); UŞAQLARIN ANASI (dan.) Axund Molla Nəsrəddin: Gecənin bilmirəm nə vaxtı idi; gördüm uşaqların anası öz-özünə mırtdanır (C.Məmmədquluzadə); YASTIQ YOLDAŞI Məşədi Haşım: Yastıq yoldaşı ki, sahibini sevmədi, onun faydası yoxdur (M.S.Ordubadi); YOLDAŞ Güllü ərinə: Gözüvə su ver, Zəki. Görürsən yoldaşının qaydına necə qalır! (Anar); ZƏNƏN Günlərin bir günündə genə də padşahın zənəni həmli olur (Nağıl); ZÖVCƏ Molla: Sən indi Xudayar bəyin zövcəsisən (C.Məmmədquluzadə).
2. arvad bax qadın 1