Dövlət İdarəçilik Akademiyası (Azərbaycan)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikası Prezidentinin 3 yanvar 1999-cu il tarixli 60 saylı fərmanı ilə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun əsasında yaradılmış elm və təhsil müəssisəsidir. Bir neçə dəfə "İlin təhsil müəssisəsi" seçilmişdir.
Azərbaycanda yüksək tipli ilk siyasi təhsil müəssisəsi 1921-ci ilin dekabrında təşkil edilmiş Mərkəzi Sovet Partiya Məktəbi olmuşdur. Bu məktəb 1928-ci ildə Bakı partiya komitəsi nəzdində olan Ali Sovet Partiya məktəbi ilə birləşərək, ikiillik Azərbaycan Mərkəzi Sovet Partiya məktəbi adı altında fəaliyyətini Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə davam etdirmişdir.
Bakı Ali Partiya məktəbi 1954-cü ildə fəaliyyətdə olan üçillik respublika partiya məktəbi əsasında 1956-cı ildə yaradıldı. Məktəbin xüsusi fakültəsində Cənubi Azərbaycandan 1945–1946-cı illərdə gəlmiş demokratik gənclər təhsil alırdı.
Həmin dövrdə respublikanın bu yeganə ali siyasi təhsil ocağında təxminən 500 nəfərə qədər müdavim oxuyurdu: məktəbdə təhsil Azərbaycan və rus dillərində aparılırdı və Cənubi Azerbaycandan Azərbaycana pənah gətirmiş ziyalıların, demək olar ki, əksəriyyəti bu illərdə hissə-hissə Bakı Ali Partiya Məktəbinə qəbul olundular və hamısı da yaxşı siyasi təhsil aldılar.
1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində Bolqarıstan Xalq Respublikasından 10 nəfər türk; Gürcüstan və Dağıstandan, hər il hərəsindən 5–10 nəfər təhsilə qəbul olunurdular və təhsillərini qurtararaq öz vətənlərinə qayıdırdılar.
Bakı Ali Partiya məktəbində işləyən professor — müəllim heyəti hər il Partiya Mərkəzi komitəsi tərəfindən təsdiq edilirdi. Həmin illərdə ştat və ya yarımştat dərs yükü ilə Bakı Ali Partiya məktəbində respublikanın tanınmış ziyalılarından professorlar Vahid Qəhrəmanov, Ələsgər Qasımov, Qurban Yusifzadə, Qanbay Xanməmmədov, Hadi Mirzəzadə, Pyotr Valuyev, dosentlərdən Əli Əliyev, Əyyub Axundov, Dilşad Muqanlinskaya, Əbülfəz Qasımov, Mirzə Cəbiyev və onlarla digər tanınmış müəllimlər səmərəli işləmişlər.