Fars dilində də işlədilir və məsdər formasında (axtən) var. Ona görə də onu alınma hesab etmək ilk baxışda təbii görünür. Amma bizim dilimizdə də onun məsdər forması olub, özü də ğ ilə ağtarmaq yazılıb. Qaynaqlarda bu kəlmənin “burmaq” (qabaqlar heyvanın müvafiq orqanını burmaqla erkəkliyini məhv ediblər), “cırmaq”, “kəsmək”, “yarmaq”, “içini boşaltmaq” kimi bir neçə mənası qeydə alınıb. Sözün biçərgə forması da qeydə alınıb və bu, cərrahiyyə (biçmə, kəsmə) tətbiq olunandan sonra yaranıb. Axtalamağın bir mənası da ağacı (bitkini...) köklü-köməcli çıxarmaqla bağlı olub. İndi axtalamaq təkcə insan və heyvana aid işlədilməklə məhdudlaşdırılmır, çəyirdəyi çıxarılmış meyvəyə də (bizim evdə axta zoğal da yoxdur...) “axta” deyirlər. Axta sözünün qədim və əsl (hərfi) mənası “astar tərəfi üz tərəfə çevirmək” deməkdir.