Ayrantökən palçıq vulkanı
Ayrantökən palçıq vulkanı — Bakıdan 65 km cənub-qərbdə, Atbulaq d/y stansiyasından 4.5 km şimal-şərqdə yerləşir və nisbi hündürlüyü 190 m olan uzanan yayladır. Morfoloji əlamətlərinə görə ovalığa oxşar formadadır. Cənub yamacı boyunca 1964–1990-cı il püskürmələrinin brekçiya axını müşahidə olunur. 1.5 km uzunluğunda və 200 m enində "dillər" 1964-cü il püskürməsi zamanı düzənliyə axmışdır. Yüksəklik sahəsində 4 vulkan təzahürləri vardır ki, bunlardan biri strukturun cənub-qərb hissəsində yerləşir və neftli qrifonları təşkil edir. Digəri, sopka və qrifonların böyük qrupu indiki kraterin şimal- qərbində yerləşir və çoxlu sayda aktiv fəaliyyətli mikroformalara malikdir; sopkaların hündürlüyü 5–10 m-ə çatır. Krater sahəsinin ətrafında uzunluğu 700–800 m, dərinliyi 2–3 m olan bir neçə iri çatlar vardır. Kraterin mərkəzində brekçiyanın parçalanması müşahidə olunur. Brekçiyanın ümumi həcmi 500 mln. m³, örtük sahəsi isə 805 ha-dır.