Ayətullah Tehrani
Məhəmməd Sadiqi-Tehrani (21 mart 1926, Tehran – 21 mart 2011, Qum) — Müctəhid, İslam dünyasının böyük alimlərindən biri.
== Həyatı ==
Əllamə Doktor Şeyx Məhəmməd Sadiqi Tehrani 1926/03/21 tarixdə İranın Tehran şəhərində ruhani ailəsində dünyaya göz açmışdır. O, ibtidai dini təhsilini Tehran şəhərində bitirdikdən sonra Qum şəhərinə üz tutmuş, bu şəhərdə 10 il müddətində təhsil, tədqiqat və tədrislə məşğul olmuşdur.
İranda siyasi gərginlik başlayandan sonra 17 il müddətində xaricə səfər etmiş, İraqın Nəcəf şəhərində 10 il, Livanda 5 il, Səudiyyə Ərəbistanında isə 2 il qalaraq tədqiqat, tədris, həmçinin elmi və mədəni fəaliyətlə məşğul olmuşdur. Əllamə Sadiqi Tehrani ümumilikdə Mirzə Məhəmməd Əli Şahabadi, Seyyid Hüseyn Bürucerdi, Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai, Mirzə Mehdi Aştiyani, Mirzə Əhməd Aştiyani və Əllamə Seyyid Əbül-Qasim Xoyi kimi tanınmış alimlərdən dərs almışdır.
1979-cu ildə Qum şəhərinə gəlmiş və həmin şəhərdə "Quran Elmləri Universiteti"ni təsis edərək onun nəzdində Quran elmləri, təfsir, fiqh, üsul, kəlam və s. fənlər üzrə tədris və tədqiqatla məşğul olmuşdur.
Ayətullah Sadiqi-Tehrani dövrümüzün məşhur Quran təfsirçilərindən biri, 30 cildlik "Təfsir əl-Fürqan" əsərinin müəllifidir. Din alimi olmaqla bərabər, hələ gənc ikən Tehran Universitetində ictimai elmlər üzrə elmlər doktoru dərəcəsini almış mütəfəkkir öz məhsuldar həyatını İslam elmlərinin və İslam toplumunun inkişafına sərf etmişdir.
İndiyədək Quran elmləri, təfsir, fiqh, üsul, kəlam, fəlsəfə, əxlaq və digər sahələrdə onlarca dəyərli və misilsiz əsərlər qələmə almışdır ki, "əl-Fürqan fi təfsiril-Quran" (30 cilddə), "ət-Təfsirul-mövzui bəynəl-Kitabi vəs-Sünnə" (22 cilddə), "əl-Fiqhul-müqarən bəynəl-Kitabi vəs-Sünnə" (8 cilddə), "Təbsirətul-füqəha bəynəl-Kitabi vəs-Sünnə" (2 cilddə) və "Üsulul-istinbat bəynəl-Kitabi vəs-Sünnə" adlı əsərləri onların daha önəmlisi sayılır.