Azadə Musabəyli
Azadə Şahbaz qızı Musabəyli — Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu, Türkdilli yazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi.
== Elmi fəaliyyəti ==
Azadə Şahbaz qızı Musabəyli 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirmiş, 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsində çalışır. 1978-82-ci illərdə aspiranturada təhsilini davam etdirmiş, 1982-ci ildə Şərq xalqları ədəbiyyatı ixtisas indeksi ilə filologiya elmləri namizədi elmi dərəcəsi almışdır.
1987-89-cu illərdə Sankt-Peterburq Əlyazmalar bölməsində doktoranturada olmuş, 1994-cü ildə Azərbaycan ədəbiyyatı və Türk xalqları ədəbiyyatı ixtisas indeksləri ilə dissertasiya müdafiə edərək, filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1999-cu ildən Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri olan A.Musabəyli 2000-ci ildə "Mətnşünaslıq" ixtisası üzrə dosentlik, 2011-ci ildə "Türk xalqları ədəbiyyatı" ixtisası üzrə professor elmi adlarına layiq görülmüşdür.
İxtisasca türkoloq-mətnşünas olan A. Musabəyli orta əsrlər Azərbaycan-Türkiyə yazılı abiələrinin paleoqrafik-tekstoloji tədqiqi üzrə səriştəli və yüksək ixtisaslı mütəxəssis sayılır. Onun ilkin olaraq üzə çıxararaq, tədqiqata cəlb etdiyi Xəlilinin "Firqətnamə"si (1475), Füzulidən sonra Bağdadın yetirdiyi ən böyük türk şairi Ruhi Bağdadinin (-1606) Divanı, Seyyid Yəhya Bakuvinin tələbəsi Dədə Ömər Rövşəninin (-1487) "Külliyyat"ı, Şeyx İbrahim Gülşəni Bərdəinin (1427-1534) türk və ərəb divanları kimi əlyazma abidələrinin hər biri ədəbiyyat tariximiz baxımından mühüm hadisə sayıla bilər.
Təsəvvüfi poeziya, Türkiyədə və Bağdadda yaranan Azərbaycan ədəbiyyatı, Azərbaycandakı Türkiyə əlyazmaları və sairənin ilkin yazılı qaynaqlar əsasında tədqiqi, xarici ölkələrdəki Azərbaycanla bağlı əlyazmalar haqqında bilgilərin üzə çıxarılaraq sistemli şəkildə təqdim edilməsi A.Musabəyli yaradıcılığının elmi istiqamətlərindəndir.
A.Musabəyli Azərbaycandakı Türkiyə ilə bağlı əlyazmaların üzə çıxarılması, sistemləşdirilməsi, elmi-paleoqrafik təsviri, kataloqlaşdırılması, tekstoloji-filoloji tədqiqi kimi yeni bir elmi istiqamət üzərində çalışmaqdadır. Onun bütün bu araşdırmaları Azərbaycan-Türkiyə ədəbi əlaqələri və türk xalqları ədəbiyyatı kontektsində aparması təqdirəlayiqdir.