Qabaqlar ağac doğrama aləti yox, silah növü olub. Maraqlıdır ki, xəncər yerinə, bötə işlətmişik. Kərtmək, kəsmək yerinə, başa deyilib (baş həm də “yara” demək olub). Başaq sözü ruscaya “острие” kimi tərcümə edilib. “Dil başaq tursa, bütməs” (dil yaralasa, sağalmaz) cümləsi də var. Oraq yerinə baştar da işlənib. Salyan rayonunda yarı böl əvəzinə, böltələ işlədilir. Sünbülə (bu, ərəbcədir) “başaq” deyirik. Bötə (xəncər), başa (kəsmək), başaq (iti), baştar (oraq), böltə (parçala), baş və ya başaq (sünbül), baş (yara) kimi sözlərdən belə nəticəyə gəlmək olur ki, balta sözü “vurma, kəsmə, yaralama” anlamları ilə bağlıdır. Baş təkcə “голова” yox, həm də kəsilməli olan yerdir (sünbül). Oraq ona görə baştar adlanıb ki, başı (sünbülü) kəsmək vəzifəsini yerinə yetirib və s. “Yəhər atın belini basıb” cümləsi var. Buradakı basmaq sözü “yara” mənasını verən baş sözü ilə eyni kökə malikdir və ad-feil omonimi olub. Rus dilindəki кувалда sözü də balta kəlməsinin dəyişmiş formasıdır. Onlarda (ruslarda) dəmirçi çəkici də балодка adlanır. Baltanın kəsər yox, zərbə aləti olması və rus dilində çəkicin də bu kəlmə ilə bağlı olması bir daha göstərir ki, balta sözü bölmək (böltələmək) kəlməsi ilə bağlı yaranıb. Qaqauz dilində balta yerinə, nacat, onun pasını təmizləyən cod kağıza nacdat deyilir. Deməli, türk dillərində balta anlayışı müxtəlif sözlərlə ifadə olunur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)