Begemot
Adi begemot, yaxud hippopotam (lat. Hippopotamus amphibius), həmçinin su atı — iri, otyeyən məməli heyvandır, bədəninin uzunluğu 4–5 metrədək, çiyninin hündürlüyü 1,5 metrə yaxın, çəkisi 3–4,5 ton olur. Dərisi qalın və tüksüz, başı iri, burnu enli, gözləri və qulaqları xırda, ayaqları yoğun və qısadır. Barmaqlarının arasında üzmə pərdəsi var. Çay və göllərdə yaşayır, sahilə az çıxır. Ot ilə qidalanır. Boğazlıq müddəti 240 gündür. 1 bala doğur.
== Etimologiya ==
"Begemot" sözü Qərbi Avropa dillərindən (fransız və ya alman) rus dilinə "Əyyub Peyğəmbərin Kitabı"ndan nəhəng və güclü heyvan (ivrit dilində behemot) mənasını verən söz kimi daxil olmuşdur. "Behemot" sözünə qarşılıq olaraq dilimizdə rus dilindəki versiya (бегемот [beqemot]) əsas götürüldüyü üçün hal-hazırda bu söz Azərbaycan dilində "begemot" kimi işlənir.