İnkişaf və Diplomatiya İnstitutu
İnkişaf və Diplomatiya İnstitutu (ing. Institute for Development and Diplomacy (IDD)) — bütün dünya üzrə ekspert, tədqiqat və siyasət quruculuğu ilə məşğul olan icmalarla əlaqələr üzrə ixtisaslaşmış beyin mərkəzi.
Azərbaycan Respublikasının ali təhsil müəssisəsi olan ADA Universiteti (keçmiş Azərbaycan Diplomatik Akademiyası) 2006-cı ilin martında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində təsis edilmişdir.
Öz missiyasını reallaşdırmaq yolunda ADA Universiteti 2022-ci ildə Azərbaycanda və İpək Yolu regionunun digər bölgələrində, o cümlədən daha qlobal müstəvidə ekspertlərlə, eləcə də tədqiqat və siyasi quruculuqla məşğul olan icmalarla əlaqəni genişləndirmək məqsədilə İnkişaf və Diplomatiya İnstitutunu (IDD) təsis edib.
Dünyadakı aparıcı tədqiqat institutlarının təcrübəsi əsasında modelləşdirilmiş İnkişaf və Diplomatiya İnstitutu ADA Universitetinin siyasi yönümlü, fənlərarası tədqiqat və təhlil nəticələrini özündə birləşdirən mərkəzi, siyasi yönümlü konfransların, brifinq və praktiki məşğələlərin əsas ünvanıdır. İnstitutun strateji vizyonu dövlət siyasətinin araşdırılması və təhlili, intellektual müzakirələrin təmin edilməsi, istedadlı kadrların yetişdirilməsi və beynəlxalq təbliğatın aparılması üçün regional mərkəz rolunu oynamaqdır.
İnkişaf və Diplomatiya İnstitutu 1 mart 2022-ci il tarixində ADA Universiteti nəzdində təsis edilib. Bu İnstitutun missiyası həm hökumətlərin, həm də onların xidmət etdikləri vətəndaşların gün keçdikcə mürəkkəbləşən, müasir dünyanın dinamik və bir-biri ilə bağlı olan əsas problemlərinin öhdəsindən gəlməsinə dəstək göstərməkdir.
İnkişaf və Diplomatiya İnstitutu həllərə əsaslanaraq xarici siyasət, diplomatiya və beynəlxalq münasibətlər, geosiyasət, təhlükəsizlik, enerji, davamlı inkişaf (yəni, iqtisadiyyata, sosial siyasətə və ətraf mühitə, o cümlədən iqlim dəyişikliyi və dayanıqlılıqla bağlı digər mövzulara vahid yanaşma), gender, habelə Azərbaycan və bir çox ölkələr üçün əhəmiyyət kəsb edən sülh və barışıq məsələlərinin müzakirəsi və təhlili üçün platforma təqdim edir. Öz missiyasının davamı olaraq “IDD” açıq və səmimi dialoq və müzakirələr üçün məkan təmin edir, müstəqil və siyasi yönümlü tədqiqat nəticələri və təhlillər dərc edir, ixtisasartırma proqramlarına ev sahibliyi, eləcə də Azərbaycanda və xaricdə tədbirlər, konfrans, seminar və siyasi brifinqlər təşkil edir.