Kiçik qəşəng böcək
Kiçik qəşəng böcək (lat. Calosoma(Acalosoma)inquisitor) — sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Azsaylı növdür.
Bədəni tünd bürüncü və ya yaşılımtıl qara, nadir hallarda göy, qanadüstlükləri çox zaman parlaq yaşılımtıl, kənarları qırmızı və ya yaşıl rəngdə olan böcəkdir. Uzunluğu 15–28 mm-dir. Ətrafları qara rəngli, uzun və nazikdir.
İran, Mərkəzi Avropa, Qafqaz, Orta Asiya, Uzaq Şərq, Azərbaycanda Şabran və İsmayıllı meşələrində rast gəlinmişdir. 2004-cü ildə İ.A.Nuriyeva tərəfindən Şabran rayonunda 4 ədəd, 2006-cı ildə 3 ədəd, 2010-cu ildə 3 ədəd qeydə alınmışdır (4,5,6).
Enliyarpaqlı meşə ağaclarının gövdə və budaqları üzərində, torpaq üzərində yaşayırlar.