Cıdır düzü
Cıdır düzü — Şuşa şəhəri yaxınlığında yerləşən, tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını, bir çox yarışları keçirdiyi ərazi.
== Cıdır düzündə keçirilən yarışlar və ədəbi məclislər ==
Cıdır düzü ("yarış meydanı") qədim Şuşanın əsas aktiv istirahət yeri idi. Xanın həyətinin ayrıca zorxanası olmasına baxmayaraq, şuşalıların əksəriyyəti, xüsusən də gənclər hava yaxşı olanda Cıdır düzündə görüşməyə üstünlük verirdilər. Meydançanın adının özü ona işarə edir ki, burada insanlar əvvəllər yarış və covqan oyunları, eləcə də qaçış oyunları keçirirdilər. Yeri gəlmişkən, yarışlar təkcə atlarda deyil, dəvələrdə də təşkil olunurdu. At həvəskarı olan İbrahimxəlil xanın hakimiyyəti dövründə yarışlar onun malikanəsində və Cıdır düzündə keçirilirdi. Qaliblərə qarşı comərdcəsinə davranış sərgiləyib, dəyərli hədiyyələr verilirdi. Gənclər at belində yarışmaya daha böyük maraq göstərirdilər. "Baharbəndi" adlı oyunu ən məşhur oyunlardan idi. Atlı, atını sürərkən calpağını, silahını, xəncərini, qılıncını, çuxasını götürüb xüsusi yerə qoyurdu.