Qəzənfər Əliyev (dəmiryolçu)
Əliyev Qəzənfər Kərim oğlu (26 may 1927, Gəncə – 17 iyul 1984, Kirovabad) — Azərbaycanlı "Fəxri Dəmiryolçu", Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR-i Dövlət Mükafatı Laureatı (1978), Azərbaycan SSR Ali Sovetinin deputatı (VIII, IX və X çağırışlar 1971–1984) , Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü.
Əliyev Qəzənfər Kərim oğlu 1927-ci ilin may ayının 26-da Gəncə şəhərində anadan olub. Q.Əliyev orta məktəbi başa vurduqdan sonra Gəncə dəmir yol peşə məktəbinə daxil olub və 1945-ci ildə həmin məktəbi bitirib. 1945-ci ildən Gəncə Lokomotiv Deposunda əvvəlcə parovoz köməkçisi, sonradan 1948-ci ildən maşinist kimi əmək fəaliyyətini davam etdirmişdir. Ömrünün sonuna qədər Gəncə Lokomotiv Deposunda maşinist kimi fəaliyyət göstərib. Onun çalışdığı zaman parovozlar və teplovozlar normativ olaraq 1800 tona qədər yük daşımağa malik idi, ancaq bəzən 2500–3000 tona da catdırmaq mümkün idi. Lakin belə halda qatara yedəkçi lokomotivdə qoşulurdu. İlk dəfə, məhz Qəzənfər Əliyev öz təşəbbüsü və bacarığı nəticəsində, yedəkçi lokomotivlərdən imtina edərək, peşəkarlığı sayəsində normadan artıq yük daşınmasını təmin edərək, külli miqdarda yanacağa və dövlət vəsaitinə qənaət etmiş oldu. Bunun nəticəsi olaraq, SSRİ-nin bütün güşələrindən lokomotiv işçiləri onun iş prinsiplərini və təçrübəsini öyrənmək ücün Gəncəyə gəldilər.
1 avqust 1959-cu ildə bu nailiyyətə görə, Qəzənfər Əliyevə SSRİ-nin yüksək ordenlərindən biri "Lenin ordeni" ilə təltif edildi və "Fəxri Dəmiryolçu" adına layiq görüldü.