Kökü dammaq məsdəri ilə bağlıdır, amma feil -cı şəkilçisi qəbul etmir. Dam kökünə -la şəkilçisi də artırıla bilər: damla (son damla qanına qədər...). Feil -la şəkilçisini də qəbul etmir. Deməli, burada tarixi araşdırma aparmaq lazım gəlir. Qədim mənbələrdə damcı, damla sözlərinin yerinə tamızım kəlməsi işlədilib. Əmizdir qəlibi üzrə damızdır feili yaranıb. -ım şəkilçisi feildən ad düzəldə bilir: öl və ölüm... Damız feilindən də həmin qəlib üzrə damızım ismi əmələ gəlib. Damcı bu sözün təhrifindən yaranıb. Damla sözü, əslində, damıla kimi olub (yaz və yazı qəlibi üzrə dam və damı sözü yaranıb), sonra feildən isim düzəldən -ı şəkilçisi reduksiya olunub (bu hal əm(i)lik, qırx(ı)lıq, sat(ı)lıq kəlmələrinə də aiddir). Söz, əslində, təqlidlə də bağlıdır (dambıltı...). Tuva dilində söz damdı kimidir. Bizdə əydi adlı alət var. Deməli, damdı həmin qəlib üzrə yaranıb, sonra damcı şəklinə düşüb, təqlidi sözdür, dambıltı ilə əlaqədardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)