Dilağarda
Dilağarda — Azərbaycan Respublikasının Füzuli rayonunun Dilağarda kənd inzibati ərazi dairəsində kənd.
== Tarixi ==
1820-ci ildə Rusiyanın Cənubi Azərbaycandan köçürüb gətirdiyi tayfalardan (Qasımlı, Zərgər, Mahrızlı, Şahsevən) biri Dilaqarda adlanırdı. Bu el 600 ailədən ibarət olmaqla ondan əvvəl Talış bölgəsində və Cənubi Azərbaycanda maldarlıqla məşğul olurdu. Köçürülmüş tayfalardan 24 kənd yaranmışdı ki, onlardan üçü (Dilaqarda, Araz Dilaqarda və Qobu Dilaqarda) Dilaqarda elinin adının eynidir.
Digər məlumatlara əsasən isə (Baharlının "Azərbaycan" kitabi) bu kənd Nizami Gəncəvinin dövründə Cənubi Azərbaycanın (İndiki İran İslam Respublikasının ərazinin bir hissəsi) eyni adlı kəndinin köçəri əhalisinin buralarda yerləşməsindən sonra yaranmışdır. Bu ərazilərə nisbətən Cənubi Azərbaycan daha isti olduğundan otlaq əraziləri tez quruyur. Nəticədə əhali öz mal-qarasını buraların münbit torpaqlarının yaşıllıqlarında otarmaq üşün ilin müəyyən dövrlərində buralara gətirirlərmiş.
Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan 1823 ilə aid Qarabağ əyalətinin siyahıya alınmasına istinadən Dilağarda kəndi 20 tüstüdən ibarət olmuş, pul vergisi və başqa mükəlləfiyyətlər daşımışlar.
Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan müxtəlif illərdə aparılmış əhalinin, o cümlədən bəylərin, din xadimlərinin siyahıya alınması sənədlərinə istinadən Çar Rusiyası dövründə Dilağarda kəndi Yelizavetpol quberniyasının, Şuşa qəzasının kəndi kimi qeydə alınmışdır.
Dilağarda da 1842, 1849, 1863, 1873, 1886 illərdə əhalinin siyahıya alınması aparılmışdır.