Araz (arxeoloji ekspedisiya)
"Araz" Arxeoloji – Etnoqrafik Ekspedisiyası – AMEA Tarix İnstitutunun Naxçıvan şəhəri yaxınlığında, Araz çayı üzərində SES tikintisi zamanı su altında qalacaq arxeoloji abidələri tədqiq etmək məqsədilə 1968-ci ildə təşkil etdiyi kompleks ekspedisiya.
Üç dəstədən ibarət olan ekspedisiya hazırda su altında qalmış, böyük tarixi əhəmiyyəti olan Xarabaşəhər, Astabad, Bulqan, Təzəkənd, Qaraçuq, Qızılburun, Qaraxanbəyli, Böyükdüz, Şahtaxtı və digər abidələri tədqiq etmişdir.
Azərbaycan mütəfəkkiri Nəiminin vətəni olan Astabad şəhərində, habelə, XIX əsrin əvvəllərində Qacarlar sülaləsindən olan Azərbaycan hakimi Abbas Mirzənin tikdirdiyi Abbasabad qalasında, Ölənşəhr və Muncuqtəpə yaşayış yerlərində qazıntılar aparılmışdır.
Astabad şəhər qalıqlarında aparılmış arxeoloji tədqiqatlar nəticəsində şəhərin tarixinə dair bir sıra məsələlər aydınlaşdırılmış və onun yaşayış məskənləri, istehsal mərkəzi aşkara çıxarılmışdır.
Xarabaşəhərin Naxçıvan şəhərindən səkkiz km cənubda yerləşən Qaraçuq kəndi yaxınlığındakı qalıqlarında aparılan tədqiqatlar nəticəsində yaşayış evləri, son orta əsrlərin (XIV – XVII əsrlər) təsərrüfat həyatı və mədəniyyətinə aid zəngin faktlar aşkar edilmiş, dəmirçixana, 20 kvadratmetrlik emalatxana, dəmir ərintisi nəticəsində alınmış dəmir pasası, istehsalı başa çatdırılmamış kərənti, oraq, balta, dəhrə və digər əmək alətlərinin hissələri tapılmışdır.
Ekspedisiya II Kültəpə yaşayış yerində də tədqiqat işləri aparmış, e.ə. II – I minilliyin əvvəllərinə aid mədəni təbəqələrdən qala divarının bünövrəsi, tikinti qalıqları, sadə və boyalı keramika, daş və sümük alətlər aşkar olunmuşdur.