İnternet filtri
İnternet filtri — İnternet istifadəçisinin daxil ola biləcəyi məzmunu məhdudlaşdıran və ya nəzarət edən, xüsusən də WWW, E-poçt və ya digər vasitələrlə internet üzərindən çatdırılan materialı məhdudlaşdırmaq üçün istifadə edilən proqram təminatı. Məzmuna nəzarət proqramı hansı məzmuna icazə veriləcəyini və ya bloklanacağını müəyyən edir.
Bu cür məhdudiyyətlər müxtəlif səviyyələrdə tətbiq oluna bilər: hökumət onları ölkə miqyasında tətbiq etməyə cəhd edə bilər (bax: İnternet senzurası) və ya İnternet xidmət provayderi öz müştərilərinə, işəgötürən öz işçilərinə, məktəb rəhbərliyi şagirdlərə, kitabxana ziyarətçilərə, valideyn uşağının kompüterinə və ya fərdi istifadəçilər öz kompüterlərinə.
Məqsəd çox vaxt kompüterin sahibinin və ya digərlərinin etiraz edə biləcəyi məzmuna çıxışın qarşısını almaqdır. Məzmunun bloklanması istifadəçinin razılığı olmadan tətbiq edildikdə internet senzurasının bir forması kimi xarakterizə edilə bilər. Bəzi proqram təminatları valideynlərə uşağın İnternetə daxil olmasına, oyun oynamağa və ya digər kompüter fəaliyyətlərinə sərf edə biləcəyi vaxtın miqdarını təyin etmək icazəsi verən vaxta nəzarət funksiyalarını ehtiva edir.
Bəzi ölkələrdə bu cür proqram təminatı hər yerdə mövcuddur. Kubada hökumətin nəzarətində olan internet-kafedə kompüter istifadəçisi müəyyən sözləri yazarsa, mətn prosessoru və ya veb-brauzer avtomatik olaraq bağlanır və "dövlət təhlükəsizliyi" xəbərdarlığı verilir.
== Terminologiya ==
"Məzmuna nəzarət" termini bəzən CNN, Playboy jurnalı, San Francisco Chronicle və The New York Times tərəfindən istifadə olunur. Bununla belə, "məzmun filtri proqramı", "proksi serverlərin filtrlənməsi", "təhlükəsiz veb şlüzləri", "senzura proqramı", "məzmun təhlükəsizliyi və nəzarəti", "veb filtrləmə proqramı", "məzmun senzura proqramı" və "məzmun bloklama proqramı" kimi ifadələr də tez-tez istifadə olunur.