Demək olar ki, qədim dünyanın heç bir xalqı bədən tərbiyəsini yunanlar qədər sevmirdi. Onlar hesab edirdilər ki, insan hər şeydə – əqli, fiziki və mənəvi inkişafda mükəmməlliyə çatmalıdır.
Müxtəlif oyunlar və məşqlər vacib sayıldığından, təbii ki, bu yarışlara hazırlaşmaq üçün xüsusi ayrılmış yerlər olmalı idi. Yunanlar paltar bədənlərini narahat etməsin deyə bədən tərbiyəsi və idmanla çılpaq məşğul olurdular. Bu səbəbdən də yunanların fiziki hazırlıqla məşğul olduqları yer “gymnasion” (latınca “gymnasium” yazılırdı), yəni “çılpaq şəkildə məşq etmək üçün yer” adlanırdı.
Yunanlar həm bədəni, həm də əqli inkişaf etdirməyin vacib olduğunu hesab etdiklərindən gimnaziya qaçış və ağırlıq qaldırmaq üçün nəzərdə tutulan yerdən daha vacib bir məkana çevrildi. Bura toplaşan insanlar fəlsəfi və elmi mövzularda söhbət etməyi sevirdilər. Beləliklə, gimnaziyalar tezliklə həm məşq üçün ayrılan yer, həm də məktəb sayılmağa başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)