İSimanqaliso Milli Parkı
iSimanqaliso bataqlıq parkı və ya iSimanqaliso Milli Parkı (əvvəllər Müqəddəs Lusiya gölü bataqlıq parkı kimi də tanınırdı) — CAR-ın Kvazulu-Natal vilayətinin şərq sahilində, yol ilə Durbandan təxminən 235 kilometr şimalda yerləşir. Şimalda Mozambik sərhəddindən Müqəddəs Lusiya gölünün cənubundakı Mapelanaya qədər sahil xəttinin 280 km-ni əhatə edən qoruq Cənubi Afrika Respublikasındakı üçüncü ən böyük qorunan ərazidir. Park iSimanqaliso səlahiyyətliləri tərəfindən idarə olunan və 3,280 km2 sahəsindəki təbii ekosistemlərdən ibarətdir.
Park əvvəllər Böyük Müqəddəs Lusiya bataqlıq parkı olaraq tanınsa da, 1 Noyabr 2007-ci ildə ərazinin adı dəyişdirilmişdir. İsimanqaliso sözü zulu dilində "möcüzə" və ya "heyrətamiz bir şey" mənasında işlədilir. Bu ad Çakanın Tsonqa ölkəsinə göndərilməsinin nəticəsi olaraq ortaya çıxmışdır. O, geri qayıdanda gördüyü gözəlliyi bir möcüzə kimi təsvir etmişdi.
== Biomüxtəliflik ==
Nisbətən kiçik bir ərazidə meydana gələn zəngin biomüxtəliflik, bənzərsiz ekosistemlər və təbii gözəlliklər səbəbiylə park ümumdünya irsi elan edilmişdir. Fauna və floradakı böyük müxtəlifliyin səbəbi, mərcan qayaları və qumlu çimərliklərdən tutmuş subtropik dyunlara , savannalara və bataqlıq ərazilərə qədər parkdakı müxtəlif ekosistemlərin çoxluğudur. Park ərazisindəki quru heyvanlarına fil, bəbir, qara və ağ kərgədan və Afrika kəli, okeanlarda isə balina, delfinl, və dəniz tısbağaları, o cümlədən dərili tısbağa və sini çanaqlı tısbağa daxildir.