İy və iynə sözlərinin mənası “yığmaq” olub, biri ipi üstünə dolayıb, onun kiçiltməsi olan iynə (əsli: yignə) zahirən iyə oxşadığına görə belə adlanıb. Dədə Qorqud haqlıdır: Gəlinə “ayıran” demədim mən Dədə Qorqud, / Ayrana “doyran” demədim mən Dədə Qorqud, / İynəyə “tikən” demədim mən Dədə Qorqud, / Tikana “sökən” demədim mən Dədə Qorqud... İynə yığır (ona “tikən” demək olmaz), tikan “sancan” deməkdir (ona “sökən” demək olmaz), ayran “turş” deməkdir (ona “doyran” demək olmaz), gəlin gəlmək sözündəndir (ona “ayıran” demək olmaz; gəlin ayıran deyil, xoşbəxtlik gətirəndir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)