Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabineti
I Xoyski hökuməti, Birinci hökumət kabineti və ya Müsavat-Sosialistlər hökuməti— Azərbaycan Xalq Cümhuriyyətinin sayca 1-ci, Fətəli xan Xoyskinin başçılığı ilə 28 may 1918 tarixindən 17 iyun 1918 tarixinədək fəaliyyət göstərmiş, müsavatçılar, bitərəflər, sosialistlər və hümmətçilərdən ibarət koalisya hökuməti.
== Zəmin ==
Cümhuriyyət Hökuməti son dərəcə ağır tarixi şəraitdə formalaşmışdı. Zaqafqaziya Seymi buraxıldıqdan sonra 1918 il mayın 27-də seymin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Mayın 28-də Zaqafqaziya Seyminin fəaliyyət göstərmiş olduğu Tiflisdə — keçmiş Qafqaz canişininin iqamətgahında özünün ilk iclasına toplanan Azərbaycan Milli Şurası uzun və hərtərəfli müzakirələrdən sonra Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini qəbul etdi. Bəyannamənin 6-cı maddəsində göstərilirdi ki,"Məclisi-Məbusan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arayi-ümumiyyə ilə intixab olunmuş Şurayi-Milli və Şurayi-Milliyəyə qarşı məsul Hökuməti-müvəqqəti durur".
== Tərkibi ==
Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Bir saatlıq fasilədən sonra yığılan Milli Şuranın iclasında Fətəli xan Xoyskinin başçılığı ilə Cümhuriyyətin ilk Hökuməti təsdiq edildi.
== Fəaliyyəti ==
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə -London, Paris, Vaşinqton, İstanbul, Berlin, Madrid, Tehran, Moskva,Roma, Vyana, Buxarest, Sofiya, Tokio, Haaqa, Kopenhagen, Kiyev, Kristianiya (Oslo) və Stokholma rəsmi bəyanatlar göndərdi. Həmin radioqramda yeni yaradılmış Hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi bildirilirdi.
Tiflisdə yeni müstəqil dövlətin yaradılması ilə əlaqədar ən ümdə təşkilati tədbirləri həyata keçirdikdən və bu haqda bütün dünyaya məlumat verdikdən sonra, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Hökuməti öz nüfuz dairəsini bütün Azərbaycan ərazisində yaymaq məqsədilə 1918 il iyunun 16-da Gəncəyə köçdü.