is. [
ər. ]
1. Kamillik, yetkinlik.
2. Elm, ürfan, fəzilət.
[Hacı Nuru şair:] Atan oxumuşdu, kamalı var idi. M.F.Axundzadə.
Ana gərək övladına kamal işığını bağışlasın. C.Məmmədquluzadə.
□ Kamala çatmaq (yetmək, yetişmək) – yetkinləşmək, yetkinlik dövrünə çatmaq; kamilləşmək, təkmilləşmək.
Bədəsillər çətin yetər kamala; Əgər ki, oxuya üzündən məni. Q.Zakir.
Bəlkə də yetməmiş dünya kamala; Bəlkə də görməyir bu dəhşətləri. S.Vurğun.
[Əliş Gülcamala:] Sonra da Gəncədə məktəbə getdik; Bir yerdə oxuyub kamala yetdik. Z.Xəlil.
// Nöqsansızlıq, mükəmməllik, tamamlıq, bitkinlik.
Kamala yetirmək – yetişdirmək, dərs vermək, yetkinləşdirmək.
Vaqif kimi molladan dərs almısan; Gər yetirsin səni kamalə, Yetər. M.P.Vaqif.
3. Ağıl, zəka, dərrakə. Kamil insan kamalından bəlli olar. (
Ata. sözü ). Ələsgər söyləyə söz müxtəsərin; Ağlı kamil ola, kamalı dərin; Hamı bir ağızdan deyə “afərin!” Aşıq Ələsgər.
□ Kamal sahibi – ağıllı, dərrakəli (adam).
Gün kimi neməti-xubluqda kamal sahibidir. M.P.Vaqif.
Kamalı (kamaldan) azmaq – ağlını itirmək, dəli olmaq.
Mahitəmamə eylədi nisbət camalını; Nöqsanı var ki, Seyyid azıbdır kəmaldən. S.Ə.Şirvani.
// İnsan ömrünün yetkinlik dövrü.
4. İzafət tərkiblərində: qoşulduğu sözə bitkinlik, tamlıq, mükəmməllik mənası verir;
məs.: kamali-ehtiramla (tam ehtiramla, artıq ehtiramla), kamali-ləzzətlə (böyük ləzzətlə), kamali-diqqətlə (tam diqqətlə, böyük diqqətlə).
– …Əgər bəzi şəxslərə həmin məsələ [papaq məsələsi] əhəmiyyətsiz və xırda bir məsələ görsənsə, biz kamali-cürətlə deyə bilərik… C.Məmmədquluzadə.
[Səlim] kamali-etidalla gözləyirdi ki, [Mehriban] ağlayıb ürəyini boşaltsın. S.Hüseyn.
…Kamali-ehtiramla [Hacı Qambay və Məşədi Heybətə] salam verdim. Qantəmir.
◊ Kamal attestatı – tam orta məktəbi qurtarmaq haqqında attestat.