Azərbaycan karikatura tarixi
Zəngin ənənələrə malik karikatura janrı, Azərbaycan təsviri sənətinin mühüm sahələrindən biri kimi çoxcəhətli inkişaf yolu keçmişdir. Dövri mətbuatda, xüsusi satirik jurnallarda öz əksini tapan karikaturalara Azərbaycanda ilk dəfə, təxminən, XIX əsrin ortalarında təsədüf edilir. Və nəhayət, Şərqdə ilk dəfə olaraq 1906-cı il aprelin 7-də Azərbaycanda "Molla Nəsrəddin" adlı həftəlik satirik jurnal işıq üzü gördü. Bu böyük bir hadisə idi. Jurnalın yaradıcısı, redaktoru və naşiri görkəmli yazıçı Cəlil Məmmədquluzadənin dediyi kimi, Azərbaycan xalqının ictimai və mədəni şüurunun inkişafında mühüm rol oynamış bu jurnalı, həyatın özü yaratmışdır. İctimai ziddiyyətlərlə dolu həyat, həm ədəbiyyatın, həm də təsviri sənətin qarşısında vəzifələr qoymuşdu. Azərbaycan ədəbiyyatında böyük bir məktəb yaratmış "Molla Nəsrəddin" jurnalı, eyni zamanda təsviri sənətimizdə də yeni bir məktəbin yaranmasına səbəb oldu. Bilavasitə "Molla Nəsrəddin"in təsiri nəticəsində Bakıda Azərbaycan dilində "Bəhlul" (1907), "Zənbur" (1909–1910), "Mirat" (1910), "Arı" (1910–1911), "Kəlniyyət" (1912–1913), "Lək-lək" (1914), "Tuti" (1914–1917), "Məzəli" (1914–1915), "Babayi-Əmir" (1915–1916), "Tartan-partan" (1918), "Şeypur" (1918–1919), "Zənbur" (1919), "Məşəl" (1919–1920) kimi illüstrasiyalı jurnallarla yanaşı bu dövrdə Azərbaycanda rus dilində də çoxsaylı satirik məcmuələr: "Cigit" (1907–1918), "Vay-vay" (1908), "Bakinskoe qore" (1908–1909), "Biç" (1909–1915), "Adskaya poçta" (1909–1910), "Bakinskie streli" (1910), "Baraban" (1912–1913) və digərləri nəşr olunurdu. Daha uzun ömürlü olan "Molla Nəsrəddin" jurnalı müəyyən fasilələrlə 1931-ci ilə qədər işıq üzü görüb.
Xalq rəssamı Əzim Əzimzadə də öz karikaturalarını "Molla Nəsrəddin" jurnalında dərc etdirmişdir.