Azərbaycan Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi — Azərbaycan Prezidentinin 14 iyul 1998-ci il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanı. Hazırkı sədri 25 iyun 2003-cü ildən Fərhad Abdullayevdir.
Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.
== Tarixi ==
Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.
Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.
== Hakimlərinin tərkibi ==
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Həmin maddəyə görə, hakimlər Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur.