Azərbaycanda kosmetika
Azərbaycanda kosmetika — Azərbaycanda üzə və bədənə gözəllik və təravət vermək üçün tətbiq edilən tədbir və vasitələrin məcmusunun inkişafı və vəziyyəti. Tarixən istifadə edilmiş kosmetik boyalara ənlik, kirşan, vəsmə, sürmə, xına, rüşül daxildir. Ətir olaraq gülab, ənbər və müşk tətbiq edilmişdir. Kosmetik vasitələr həm "məşşatə" və ya "bəzəkçi" adlandırılan ustalar tərəfindən, həm də ev şəraitində qadınların özü tərəfindən vurulurdu. Azərbaycanda "əttar" adlandırılan ətir satıcıları həm tibbi, həm kosmetik cəhətdən istifadə edilən mallar istehsal edirdilər.
Azərbaycan kosmetik vasitələri və bunlarla bağlı peşələr mədəni irs kimi ölkə səviyyəsində qeydiyyata alınmışdır. Orta əsr Azərbaycan şairləri və həkimləri, həmçinin xarici dövlətlərdən gələn ziyarətçilər öz əsərlərində kosmetik vasitələri qeyd etmişdilər. Kosmetik vasitələrin istifadə edildiyi mərasimlər xınayaxdı, Gülab bayramı və Çömçəxatun yağış ayinidir.
== Tarixi ==
Azərbaycanda kosmetik vasitələr tarixən qadın bəzəklərinin xüsusi bir qrupunu təşkil edib. Bu qrupa yanağa, qaşa və gözə çəkilən boyalar, və ya əl və ayaq barmaqlarına sürtülən xına daxil idi.