Laosun dövlət quruluşu
Laosun dövlət quruluşu — 1991-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
== Dövlət quruluşu ==
Laos məhdudiyyəti olmayan prezident idarəetmə üsuluna malik, bir partiyalı sosialist tipli respublikadır. Milli bayram günü olan müstəqillik günü (1949) 19 iyul tarixində qeyd edilir. 10 fəsil və 80 maddədən ibarət Laos Konstitusiyası 14 avqust 1991-ci il tarixində qəbul edilmişdir.
== İnzibati bölgüsü ==
Laos Respublikası 11 000 kommunadan ibarət 140 rayonu özündə birləşdirən 16 əyalətə (Attapı, Bokeo, Bolikxamsay, Tyampasak, Xuapxan, Kxammuan, Luanqnamtxa, Luanqpxabanq, Udomsay, Pxonqsali, Saynyabuli, Salavan, Savanakxet, Sekonq, Vyentyan-əyalət və Sienqkxuanq) və Vyentyan paytaxt prefekturasına bölünür.
== Dövlət başçısı ==
Mövcud Konstitusiyaya görə, milli müstəqilliyin və ərazi bütövlüyünün təminatçısı, dövlətin başçısı və silahlı qüvvələrin ali baş komandanı sayılan Prezident, ölkə Parlamenti tərəfindən 5 il müddətinə seçilir. Ali qanunverici orqanda dövlət başçısı seçilmək üçün namizəd, Parlamentin xüsusi iclasında iştirak edən deputatların ən azı 2/3 hissəsinin səsini qazanmalıdır.
Laos Prezidenti Milli Assambleyanın qərarına əsasən Baş naziri, onun təqdimatı ilə əyalət qubernatorlarını və şəhər merlərini təyin edir və vəzifədən kənarlaşdırır, Baş nazirin təqdimatı ilə silahlı qüvvələrin və təhlükəsizlik xidmətinin ali vəzifəli şəxslərinə hərbi rütbələr verir, habelə əfvlə bağlı sərəncam imzalayır və digər funksiyaları həyata keçirir.
Dövlət başçısı Hökuməti formalaşdırır və onun üzvlərini təyin edir. Prezidentin birbaşa rəhbərliyi altında fəaliyyət göstərən nazirlər onun qarşısında fərdi məsuliyyət daşıyırlar.