Səfəvi-Moğol münasibətləri
Səfəvi-Moğol əlaqələri — XVI əsrin əvvəlindən başlamış, XVII əsrə qədər davam etmiş əsasən sülh və dostluqla müşayiət olunmuş əlaqələrdir.
Səfəvi dövləti ilə Hindistan arasında yaradılan ilk əlaqələri Topal Teymurun nəvəsi və Əmir Şeyx ibn Əbu Səidin oğlu Zuhəyrəddin Babur Qorqani ilə əlaqələndirmək olar. O, bir vaxtlar Orta Asiyada hökmranlıq etmiş və özbəklərin qüdrət əldə etməsi ilə dəfələrlə amansız hücumlara məruz qalmışdır. Belə ki, özbəklər həmin dövrlərdə həm Xorasana, həm də Baburun nəzarəti altında olan məntəqələrə vaxtaşırı hücum edirdi. Şah İsmayıla məğlub olduqdan sonra isə onun Səfəvi dövləti ilə birləşməsinə münasib şərait yaranır. Şah İsmayıl ona kömək etməyə hazır olduğunu bildirir, bir şərtlə ki, şiə məzhəbini qəbul edib on iki imamın adına sikkə vurdurmuş olsun. Orta Asiyada bir o qədər də uğur qazana bilməyən Babur qızılbaşların himayəsi ilə Kabulda hakimiyyəti ələ keçirir və sonra Qəndəhar uğrunda mübarizə aparıb, oranı da işğal etməyə nail olur. Babur Şah İsmayılın hakimiyyətdə olduğu bütün dövrlərdə onunla əlaqələrini kəsmir. Tarixi mənbələrə əsaslanaraq qətiyyətlə deyə bilərik ki, Babur şiə məzhəbini qəbul etmiş, hətta qızılbaşların paltarını geyərək Səmərqənddə on iki imamın adına xütbə də oxutmuşdur.
Babur şah Təhmasibin hakimiyyətinin ilk illərində Dehli və Akra şəhərlərini ələ keçirib özünü Hindistanın imperatoru elan edir.