Anar Əliyev (polkovnik-leytenant)
Anar Vaqif oğlu Əliyev (28 avqust 1980, Boyaqlı, Kəlbəcər rayonu – 21 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndində baş tutan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum əməliyyatı nəticəsində Günnüt kəndi işğaldan azad olunmuşdur. Anar Əliyev bu əməliyyatda yaxından iştirak etmiş və fərqlənmişdir.
Anar Əliyev 11 oktyabrdan iştirak etdiyi 2020-ci ilin 27 sentyabrından başlanan İkinci Qarabağ müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 21 oktyabr tarixində Şuşanın başlanğıcında, Xocavəndin Tuğ kəndində gedən döyüşlərdə hərbi həkim, leytenant Adil Əfəndiyev ilə birlikdə həlak olmuşdur. Anar Əliyevin də rəhbərliyi altında baş verən bu döyüş Şuşaya girişi asanlaşdırmışdır.
== Həyatı ==
Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Atası Vaqif Əliyev və anası Səkinə Bayramova Xarici Dillər İnstitutunu bitirmişdirlər, müəllimdirlər. Anar Əliyevin nəsli Kəlbəcərin ilk sakinlərindən olan "Kalvavəllər" Kərbəlayi Vəlinin nəslinə qədər gedib çıxır. O, Kərbəlayi Vəlinin tayfasından olan Kərbəlayi Əlinin yadıcası, Məşədi İsmayılın kötücəsi, Əlinin nəticəsi, Vaqif Əliyevin isə ikinci oğludur.