Monitorinq
Dövrlər və sosial idarəetmənin effektivliyi monitorinq keçirilməsini tələb edir.
Monitorinq – informasiya toplanması, müşahidə, təhlil, qiymətləndirmə və idarəetmənin effektivlik vəziyyətinin proqnozlaşdırılmasıdır.
Monitorinq sabit sosial-mədəni və iqtisadi inkişafın tənzimlənməsi və proqnozlaşdırılması sisteminin bir hissəsidir.
Monitorinq fəaliyyətinin effektivliyi və prosesin, layihənin, proqramın, təşkilatın, dövlətin təhlükəsizliyini təmin edən informativ-analitik funksiyaları yerinə yetirir.
·
Ötən əsrin 90-cı illərindən başlayaraq təhsil sahəsində aparılan eksperimentlərin, tətbiq olunan yeniliklərin səmərəliliyinin artırılması, nəticələrin izlənilməsi, proqnozlaşdırılması və korreksiya işlərinin vaxtında həyata keçirilməsi məqsədilə təhsildə monitorinq və qiymətləndirmə mexanizmi tətbiq olunmağa başlanmışdır. Hazırda nəinki Azərbaycanda, hətta dünyanın inkişaf etmiş bir sıra digər ölkələrində də təhsildə monitorinq və qiymətləndirmə sistemi kifayət qədər mükəmməl qurulmayıb və əksər hallarda bu, lokal xarakter daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixliqərarı ilə "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" təsdiq olunmuşdur. Sənəddə müasir dövrdə şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin vəzifələri, əsas xüsusiyyətləri, bu sahədə mövcud olan problemlər Konsepsiyanın yaradılması üçün zəruri səbəblər, əsas qiymətləndirmə növləri, qiymətləndirmə standartlarının və vasitələrinin hazırlanması və sairməsələlər əks olunmuşdur. Konsepsiyada təlim-tərbiyə işlərini müasir dövrün tələblərinə müvafiq qurmaq məqsədilə qiymətləndirmə fəaliyyətinin aşağıdakı tələbləri təmin etməsi qeyd edilir:
— təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə rolunun yerinə yetirilməsi; təhsilin keyfiyyəti üçün əsas göstərici olan şagirdin təlim nəticələri haqqında etibarlı məlumatın verilməsi;
— qiymətləndirmə vasitəsilə şagirdin bilik və bacarıqları haqqında kifayət qədər məlumat əldə edildikdən sonra fənn kurikulumlarında və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması;
— təhsildə olan bəzi neqativ hallara qarşı mübarizə vasitəsi funksiyası;
— qiymətləndirmədə yeni yanaşmaların yaddaşa əsaslanan qiymətləndirmənin əksinə olaraq, məntiqi təfəkkür vərdişlərinin inkişafına xidmət etməsi.
Sənəddə qiymətləndirmə fəaliyyətinə qoyulan tələblərin əməli vəzifəsi, hər şeydən əvvəl, məktəblərimizdə təlim-tərbiyə işlərinin məzmun, forma, vasitə və metodlarını təkmilləşdirmək yolu ilə təhsilin keyfiyyətini əsaslı surətdə yaxşılaşdırmaqdan, müəllimlərin yaradıcılığını artırmaqdan və məktəb işlərinin keyfiyyətini bütünlüklə müasir dövrün tələbləri səviyyəsinə qaldırmaqdan ibarətdir.