Katın qırğını
Katın qətliamı — 1940-cı ilin aprel və may ayları aralığında SSRİ Xalq Daxili İşlər Komissarlığına bağlı qüvvələr tərəfindən 22000 polyak zabit və ziyalısının kütləvi şəkildə qırılması hadisəsi. Qətliamın Kalinin, Xarkov və başqa şəhərlərdə yerləşən həbsxanalarda da törədilməsinə baxmayaraq aşkar edilən ilk kütləvi məzarlar Katın meşəsində olduğu üçün qətliam Katın adını almışdır.
Qətliam SSRİ Xalq Daxili İşlər Komissarlığının rəhbəri Lavrenti Beriyanın əsir götürülən bütün polyak zabit və ziyalıların edam edilməsi təklifinin İosif Stalinin rəhbərliyindəki Sov.İKP MK Siyasi Bürosunun təsdiqləməsindən sonra başladı. Öldürülənlərin 8000 nəfəri Polşanın 1939-cu ildə işğalı vaxtı əsir götürülən zabitlər, 6000-i polis zabitləri, 8000 nəfəri isə SSRİ-nin kəşfiyyatçı, mülkədar, təxribatçı, fabrik sahibi, rahib və vəkil olaraq qəbul etdiyi polyak ziyalıları idi. Polşa ordusunun zabit qrupu və ziyalılar çoxmillətli idi və öldürülənlər arasında polyaklarla yanaşı, ukrayın, belarus və aralarında Polşa yəhudi icmasının baş ravvini olan Baruç Steynberqin də olduğu yəhudilər vardı.
Nasist Almaniyası 1943-cü ilin aprel ayında Katın meşəsində kütləvi məzarların kəşf edilməsi ilə bağlı ictimaiyyətə açıqlama verdi. Polşanın Londonda yerləşən mühacir hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tədqiqatın aparılmasını istədiyi vaxt Stalin onlarla diplomatik münasibətlərin kəsilməsi haqqında qərar qəbul etdi. SSRİ, kütləvi məzarlara görə nasistləri günahlandırdı və 1990-cı ilə qədər qırğınların SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən törədilməsi faktını inkar etdi, eləcə də rəsmi şəkildə üzr istəmədi.
SSRİ Baş Prokurorluğu (1990–1991) və Rusiya Federasiyası (1991–2004) tərəfindən aparılmış təhqiqatların nəticəsində SSRİ-nin qırğınlarda məsuliyyət daşıdığını təsdiqləndi. Buna baxmayaraq, hadisələri müharibə cinayəti və kütləvi qətl olaraq qəbul etməkdən imtina etdi.