Qələbəgətirən Bakirə Məryəm kilsəsi (Praqa)
Qələbəgətirən Bakirə Məryəm və Paduanlı Müqəddəs Antoni kilsəsi (çex. Kostel Panny Marie Vítězné a svatého Antonína Paduánského, alm. Kirche Maria vom Siege) — ona bitişik Ayaqyalın Karmelitlər ordeninə məxsus monastırla birlikdə Praqa şəhərinin Mala Strana rayonunda, Petrşin təpəsinin aşağısındakı Karmelitska küçəsində yerləşir. Kilsədə saxlanılan Praqa Körpə İsasının (o, daha çox "Yezulatko" adı ilə tanınır) fiquruna dua və ibadət etmək üçün, buraya dünyanın hər yerindən minlərlə zəvvar gəlir. Bu, erkən barokko üslubuna aid mühüm memarlıq abidəsidir; onun interyeri XVII əsrdən qorunub saxlanılmış qiymətli mebellə bəzədilib.
== Tarix ==
Kilsə lüteran-almanların təşəbbüsü ilə XVII əsrin əvvəllərində tikilib və Müqəddəs Üçlüyün şərəfinə adlandırılıb. Bu, Mala Strana rayonunun ilk barokko tikilisi idi, ancaq onun yaradıcısının adı təəssüflər olsun ki, məlum deyil. 1624-cü ildə, Ağ dağda baş vermiş döyüşdən sonra, II Ferdinand çalınmış qələbəyə görə kilsəni Ayaqyalın karmelitlər ordeninə hədiyyə etmişdi. Yeni sahiblər kilsəni Qələbəgətirən Bakirə Məryəmin şərəfinə adlandıraraq, onun daxilində təmir və yenidənqurma işləri aparmış, onun yaxınlığında isə monastır inşa etmişdilər. Kilsə XVII əsrin ortalarında həmin ordenin fəaliyyəti dövründə qazandığı görünüşü günümüzə kimi qoruyub saxlamışdı.