QORXMAQ Mən isə sözümdən dönə bilmirəm, yazmağa da qorxuram (M.İbrahimov); BAĞRI YARILMAQ [Heydər bəy:] Vallah, Hacı, səni tanımayan adam olsa, görəndə bağrı yarılacaq (M.F.Axundzadə); BAK ETMƏK (kl.əd.) Şimdi risvayi-cəhan oldum, nədən bak eylərəm? (M.Ə.Sabir); CANINA ÜŞÜTMƏ DÜŞMƏK (fr.v.) Bir anlığa Kəlbiyevin canına üşütmə düşdü (M.İbrahimov); ÇƏKİNMƏK (dan.) (ehtiyat etməklə qorxmaq) Vaqif: Xan məndən utanır, çəkinir bir az; Mən getsəm, qırğının hesabı olmaz (S.Vurğun); DƏHŞƏTƏ GƏLMƏK (bərk qorxmaq) O, ürəyinə haradansa birdən-birə daman hissin təsirindən az qala dəhşətə gəldi (Ə.Qasımov); DİKSİNMƏK (bir şeyin təsirindən qorxmaq) Bahadır diksinir öz səsindən... (B.Vahabzadə); EYMƏNMƏK Əqrəbsiz saata baxanda adam nədənsə eymənirdi... (Anar); HÖVL ETMƏK ..Qoca birdən hövl edib tərpəndi (B.Bayramov); HÜRKMƏK (həm insan, həm də heyvanlar haqqında) Dəvələr hürkərək bir-birinə dəyib bütün yolu tuturdular (M.İbrahimov); Fərman Mələyə: Bilmirəm, sən məndən hürkürsən (M.İbrahimov); XOFA DÜŞMƏK Mən tamam ömrümdə əgər iki dəfə bərk xofa düşmüşəm.. (C.Məmmədquluzadə); XOFLANMAQ (az qorxu hiss etmək) Niyə özüm özümdən; Mən bu gün xoflanıram? (B.Vahabzadə); QORXUYA DÜŞMƏK Bu kənd hər atlı görəndə qorxuya düşür.. (S.Rəhimov); ÜRƏK-GÖBƏYİ DÜŞMƏK (fr.v.) Nardaranlılar qışqıraraq: Adə, ay evin tikilsin, neynirsən, ürək-göbəyimiz düşdü ki... (H.Abbaszadə); VAHİMƏ BÜRÜMƏK Tellini yenidən vahimə bürüdü (S.Hüseyn); VAHİMƏLƏNMƏK Cıdır düzünə çıxıb dərənin o tayına baxanda Qaraş vahimələnirdi (Ə.Vəliyev); VAHİMƏYƏ DÜŞMƏK Elsevərin başına gələn bu qərib fikirdən vahiməyə düşdü (Ə.Qasımov); VƏHMƏLƏNMƏK Ana ..gurultudan vəhmələnən uşağının ağlar gözlərini öpərkən, başına ağır bir şey dəydi (Mir Cəlal).