Birinci Çaylı
Birinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Çaylı kəndi Göylər kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çaylı kənd Soveti yaradılmışdır.
== Toponimikası ==
Yaşayış məntəqəsi Pirsaat çayı sahilində salındığına görə belə adlanmışdır. Şamaxı rayonunda Birinci və İkinci Çaylı adında iki Çaylı kəndi var. Bu kəndlər 1846-cı ildə ağakişibəyli (Çaylıda dəymədağıldı da deyilən bəy nəslinin bəyinin adı ilə adlandırılmışdır) (Birinci Çaylı) və baxşıbəyli (İkinci Çaylı) adlı elatlara mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışlar. Çaylı adlı bütün yaşayış məntəqələri çay kənarında yerləşdikləri üçün belə adlandırılmışdır.
== Tarixi ==
Kənd Şirvanşahlar dövlətinin vaxtından mövcuddur. Ərazisi Şirvan xanlığının Xançoban mahalının tərkibində olub. Xançoban mahalında 1821-ci ildə 46 obada (Axtaçı, Garıs, Qaraqoyunlu, Padar, Xəlilli, Kolanı, Məlikçobanlı, Şahsünlü, Ərəbxanədan, Müsküri, Ovculu, Mollalar, Göydəlləkli, Muradlı, Sığırlı, Qurd, Pirhəsənli, İlxıçı, Sarvan, Mustafalı, Binaslı, Çaylı, Qaraməmmədli, Ərəbuşağı, Dəlilər, Çovurqanlı, Adnalı, Bağırlı, Alpout, Əlicanlı, Nəmirli, Sorsor, Eldəlləkli, Xanazad, Şahsultanlı, Müskürlü Molla Qədim, Şıxlı, Axundlu, Çıraqlı, Axtaçı Salyan, Elli-Gözlü, Veysəlli, Mərzili Lələ Əhmədli, Qaraxanlı, Qaravəlli Ağaməmməd) 1492 ailə yaşayırdı. Mahalın naibi Məlik Umud idi.